TBİLİSİ, 30 may. TELEQRAF

Gürcüstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılış mərasimi olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Gürcüstandakı səfirimiz Faiq Quliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Gürcüstan Milli Kitabxanasının baş direktoru Konstantine Qamsaxurdiya, yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli, ictimai xadimlər iştirak ediblər.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış guşədə Azərbaycanın tarixi, mədəni irsi, ədəbiyyatı və müasir inkişafına aid 200-dən çox nəşr təqdim edilib.

Bildirilib ki, guşənin yaradılması Azərbaycanla Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, Gürcüstan ən böyük kitabxanalarda Azərbaycan ədəbiyyatı guşəsinin yaradıldığı altıncı ölkə olub.

Xatırladaq ki, Azərbaycan və Gürcüstanın milli kitabxanaları arasında əməkdaşlıq haqqında memorandum ötən ilin oktyabrında X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yenilənib.