TBİLİSİ, 31 may. TELEQRAF

Tbilisidə görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoqu Mir Cəlalın “Bir gəncin manifesti” romanının gürcü dilində yeni nəşri təqdim olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tədbir Gürcüstan paytaxtında keçirilən XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində baş tutub.

Əsəri gürcü dilinə Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli tərcümə edib. Kitabın bədii redaktoru Davit Şemokmedelidir.

Tərcüməçi İ. Məmmədli çıxışında kitabın Tbilisidə beynəlxalq festivalda təqdimatını böyük hadisə adlandırıb. O, təqdimata kitab sərgisində yer verilməsini Azərbaycan və gürcü xalqları arasında yaxın dostluğun daha bir göstəricisi adlandırıb.

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu öz növbəsində Mir Cəlalın Azərbaycan ədəbiyyatının rəmzlərindən biri olduğunu bildirib. O, ədibin yaradıcılığında Azərbaycançılıq və milli düşüncəni tərənnüm etdiyini qeyd edərək nəşrin Mir Cəlal yaradıcılığının Gürcüstanda yaxından tanıdılmasına imkan verəcəyini vurğulayıb.

Təqdimat mərasimində Azərbaycanı kitab festivalında təmsil edən nümayəndə heyətinin üzvləri, Gürcüstandakı səfirimiz Faiq Quliyev, səfirliyin əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, yazıçılar, gənclər, kitabsevərlər iştirak ediblər.

Qeyd edək ki, “Bir gəncin manifesti” əsəri gürcü dilinə 2019-cu ildə tərcümə olunub, kitabın təqdimatı həmin ildə Tbilisidə baş tutub. Nəşrin tərcüməçisi İ.Məmmədli, redaktoru isə Mirzə Məmmədoğlu olub.