BAKI, 7 oktyabr. TELEQRAF

"Rusiya xalqının apardığı müqəddəs ədalət müharibəsinin qaçılmaz olaraq onların qələbəsi ilə başa çatacağına inanıram və Rusiyanı "arsılmaz şəkildə dəstəkləyirəm".

Teleqraf xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Prezident Vladimir Putinə ad günü münasibətilə təbrik mesajında bildirib.

Kim Putinin rəhbərliyi altında Rusiyanın "güclü və çiçəklənən bir ölkə" olduğunu iddia edərək deyib: "Sizinlə yaxşı dostluq münasibətləri qurduğumdan və ölkələrimiz arasında münasibətlərin inkişafında yeni bir fəsil açdığımdan məmnunam. Rusiya xalqının öz suverenliyini, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü müdafiə etmək üçün apardığı ədalət uğrunda müqəddəs mübarizənin qaçılmaz olaraq qələbə ilə başa çatacağına qəti inamımla sizə və Rusiya Federasiyasına sarsılmaz dəstəyimi bir daha bildirirəm".

Kim Çen Inın 2023-cü ilin sentyabr ayında Rusiyanın Şərqi Sibir bölgəsinə səfəri Pxenyan-Moskva münasibətlərində yeni bir dövrün başlanğıcını qeyd edib.

Bu səfərdən doqquz ay sonra Putin Şimali Koreyaya rəsmi səfər edib və səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Rusiya lideri Putin bildirib ki, müqaviləyə əsasən, bir tərəf digər tərəfə hücum ediləcəyi təqdirdə hərbi yardım göstərməyə borcludur.

Şimali Koreya lideri Kim də müqaviləni "pakt" adlandıraraq münasibətlərin "yüksək ittifaq" səviyyəsinə qaldırıldığını vurğulayıb.