BAKI, 23 noyabr. TELEQRAF
Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin təşəbbüsü ilə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış “Maarifçilikdən Zəfərə” filminin təqdimat mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, film Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi üzrə həyata keçirilən “Güclü dövlət, əbədi rəmzlər” layihəsi çərçivəsində ərsəyə gətirilib.
Azərbaycanın milli kimliyinin formalaşması və inkişafı tarixinin beş əsas dövrünü əhatə edən ekran əsərində xalqımızın milli-mənəvi dəyərləri, maarifçilik ənənələri, dövlətçilik təcrübəsi, milli özünüdərk prosesi və müasir Azərbaycanın Zəfər tarixi vahid tarixi kontekstdə təqdim olunur.
Filmin əsas məqsədlərindən biri Azərbaycanın zəngin tarixi və mədəni irsini, dövlətçilik ənənələrini və milli dəyərlərini ön plana çıxarmaq, Azərbaycançılıq ideologiyasının təbliğinə töhfə vermək, milli kimlik və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsində müasir texnologiyaların imkanlarından istifadə etməkdir.
Filmin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə edilməsi tarixi hadisələrin və proseslərin vizual təqdimatına yeni yanaşma imkanı yaradıb. Bu baxımdan ekran əsəri milli irsin və tarixi yaddaşın müasir texnologiyaların imkanları ilə təbliği istiqamətində həyata keçirilən təşəbbüslərdən biridir.
Təqdimat mərasimində yazıçı Mürşid İsmayılzadə, Ayaz İlyasov, APA TV-nin rəhbəri Orxan Məmmədli, bəstəkar Aydın Əzim, rejissor Kamil Şahverdi və Aydın Əzim də iştirak ediblər.
Tədbir zamanı çıxış edən yazıçı Mürşid İsmayılzadə filmin tədris prosesində istifadə oluna biləcək materiallar əsasında hazırlanmasının əhəmiyyətini vurğulayıb. Ayaz İlyasov tarixi faktların dolğun və anlaşıqlı şəkildə auditoriyaya çatdırılmasının vacibliyinə diqqət çəkib.
Aydın Əzim isə layihənin davamı olaraq Azərbaycan tarixinin müxtəlif dövrlərinə və konkret tarixi faktlara həsr olunmuş yeni videomaterialların hazırlanmasının məqsədəuyğun olacağını bildirib.
Tədbir çərçivəsində filmin ideyası, hazırlanma prosesi, layihənin məqsədləri və süni intellekt texnologiyalarının tarixi-mədəni məzmunun təqdimatında yaratdığı imkanlar barədə də məlumat verilib. Filmin nümayişindən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.