BAKI, 23 noyabr. TELEQRAF
Su təchizatı və kanalizasiya xidmətlərinin müvəqqəti dayandırılması və yenidən bərpası abonentlərin müraciəti əsasında həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Teleqraf-a bildirilib ki, abonentlər su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılması üçün yazılı ərizə, elektron müraciət, qaynar xətt və digər mövcud əlaqə vasitələri ilə müvafiq sukanal idarəsinə müraciət edə bilərlər.
Daxil olan müraciətlərə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq baxılır və qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülür.
Qeyd olunub ki, müraciət əsasında abonentin su təchizatı və kanalizasiya xidmətləri üzrə borcunun olub-olmaması araşdırılır. Eyni zamanda, xidmətlərin dayandırılması nəzərdə tutulan ünvanda digər istehlakçıların yaşayıb-yaşamadığı müəyyənləşdirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq su təchizatı və kanalizasiya xidmətlərinin müvəqqəti dayandırılması təmin edilir. Xidmətlərin yenidən aktivləşdirilməsi isə abonentin müvafiq ərizəsi əsasında həyata keçirilir.
Agentlikdən bildirilib ki, müraciətlərin icrası və müvafiq proseslərin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət 5 iş günüdür.