BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ hərbi rəhbərliyi Yaponiyanın Okinava prefekturasında yerli qadının qətlində amerikalı dəniz piyadasının şübhəli bilinməsindən sonra bölgədəki hərbçiləri üçün komendant saatı tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin Okinavadakı komandanlığı məlumat yayıb.

Qərara əsasən, komendant saatı 30 gün müddətində qüvvədə olacaq və bölgədəki bütün ABŞ hərbçilərinə şamil ediləcək. Bundan başqa, 48 saat müddətinə bütün bölmələrin bazalara qayıtmasını nəzərdə tutan fəaliyyət məhdudiyyəti tətbiq olunub. Hərbçilərin spirtli içki qəbul etməsi də tam qadağan edilib.

Qərar oktyabrın 4-də Okinavada 20 yaşlı amerikalı dəniz piyadasının 39 yaşlı qadını öldürməkdə və qarət etməkdə şübhəli bilinərək saxlanılmasından sonra qəbul edilib.

Qadının meyiti Naha şəhərindəki hoteldə aşkarlanıb. İstintaqın məlumatına görə, şübhəli təhlükəsizlik kameralarının görüntüləri əsasında müəyyənləşdirilib. Onun qadını boğaraq öldürdükdən sonra pulqabısını və digər şəxsi əşyalarını götürdüyü iddia olunur. Saxlanılan hərbçi qətldə iştirakını inkar edir.

Hadisədən sonra Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ABŞ-ın Tokiodakı səfiri Corc Qlassı çağıraraq etirazını bildirib. Müdafiə naziri Şincirō Koizumi isə ABŞ qüvvələrinin Yaponiyadakı komandanı general-leytenant Stiven Costdan hərbi intizamın gücləndirilməsi üçün sərt tədbirlər görülməsini tələb edib.

Baş nazir Sanae Takaiti də parlamentdə çıxışı zamanı hadisəni kəskin şəkildə pisləyib. Naha şəhər şurası isə oktyabrın 6-da qətli pisləyən və oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlərin görülməsini tələb edən qətnaməni yekdilliklə qəbul edib.

Okinavada ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı obyektlərinin ümumi ərazisinin 70 faizdən çoxu yerləşir. Burada ABŞ-ın ölkə xaricindəki ən böyük hərbi hava bazalarından biri olan Kadena bazası da fəaliyyət göstərir.