BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin təsis etdiyi Affinity Partners şirkəti İsrailin Phoenix Financial şirkətində böyük paya sahibdir. Phoenix Financial isə İsrailə silah tədarük edən şirkətlərə yüz milyonlarla dollar investisiya yatırıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, Affinity Partners ötən ilin yanvarında, Donald Trampın andiçmə mərasimindən az əvvəl Phoenix Financial-dəki payını iki dəfə artıraraq təxminən 10 faizə çatdırıb.
CNN-in məlumatına görə, Phoenix Financial-in investisiya etdiyi şirkətlər arasında İsrailin ən böyük müdafiə şirkəti Elbit Systems, həmçinin Ashot Ashkelon, Bet Shemesh Engines, Boeing, Caterpillar, Israel Shipyards Ltd, Next Vision, Reshef Technologies və RP Optical Lab yer alır. Telekanal bu şirkətlərin hamısının İsrail ordusuna məhsul tədarük etdiyini bildirir.
CNN qeyd edir ki, Cared Kuşner Qəzza zolağındakı münaqişənin nizamlanması prosesində fəal iştirak edib. Telekanalın məlumatına görə, adıçəkilən şirkətlərin səhmlərinin dəyəri ötən il artıb və onların bir qismi Qəzzadakı münaqişənin məhsullarına tələbatı artırdığını açıqlayıb.
Kuşner ABŞ administrasiyasında rəsmi vəzifə tutmur və buna görə şəxsi maliyyə vəziyyətini açıqlamaq öhdəliyi daşımır. CNN hesab edir ki, bu vəziyyət onun biznes fəaliyyəti ilə diplomatik fəaliyyətini paralel şəkildə həyata keçirməsinə imkan yaradıb.
Telekanalın məlumatına görə, Affinity Partners bu ilin iyulunda Phoenix Financial-dəki səhmlərinin bir hissəsini satıb. Hazırda şirkətin Phoenix Financial-dəki payı 7,4 faiz təşkil edir.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli CNN-ə bildirib ki, “Cared Kuşnerin şəxsi biznes fəaliyyəti onun prezidentin xahişi ilə könüllü əsaslarla həyata keçirdiyi diplomatik fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Bununla belə, bir sıra tənqidçilər yaranmış vəziyyətdə maraqlar toqquşması ehtimalını gündəmə gətiriblər. Vaşinqtonda yerləşən “CREW” qeyri-kommersiya təşkilatının etika məsələləri üzrə mütəxəssisi Sintiya Braun CNN-ə açıqlamasında müharibədən və ya dövlət siyasətindən qazanc əldə edən şəxslərin həmin siyasətlə bağlı qərarların qəbulunda iştirak etməməli olduğunu bildirib.