BAKI, 1 oktyabr. TELEQRAF

Efiopiya ölkə daxilində silahlı toqquşmaların yenidən şiddətlənməsi fonunda Somalidən 3 mindən çox hərbçisini çıxarmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hərbçilərin çıxarılmasına yaxın günlərdə və ya həftələrdə başlanıla bilər. Lakin bu qərarın Afrika İttifaqının Somalidə Sabitliyə Dəstək Missiyası çərçivəsində xidmət edən Efiopiya hərbçilərinə, yoxsa ikitərəfli razılaşmalar əsasında yerləşdirilmiş bölmələrə şamil olunacağı hələlik məlum deyil.

Somali Müdafiə Nazirliyinin nümayəndəsi isə "Somalia Today" portalına açıqlamasında Əddis-Əbəbənin bu planlarla bağlı Moqadişunu rəsmi şəkildə məlumatlandırmadığını bildirib.

Qeyd edək ki, Efiopiya hərbçiləri Somali hökumətinə radikal "Əş-Şəbab" qruplaşmasına qarşı mübarizədə dəstək göstərirlər.

Efiopiyanın şimalında isə sentyabr ayında silahlı qarşıdurmalar yenidən kəskinləşib. Federal hökumət qüvvələri Tiqray Xalq Azadlıq Cəbhəsinin silahlı birləşmələri və onların müttəfiqləri ilə döyüşür. Toqquşmalar Tiqray, Afar və Amhara bölgələrini əhatə edib.

"Sərhədsiz Həkimlər" beynəlxalq təşkilatının məlumatına görə, döyüşlər nəticəsində azı 720 nəfər yaralanıb.