BAKI, 20 sentyabr. TELEQRAF

Rusiya ordusunun Xerson vilayətində monastıra PUA ilə zərbəsi nəticəsində 71 yaşlı din xadimi ölüb, daha 4 keşiş yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, hadisə bir gün əvvəl saat 15:00 radələrində Novoraysk icmasının Krasnıy Mayak kəndində yerləşən monastırda baş verib.

“Düşmənin FPV-dronunun zərbəsi nəticəsində 71 yaşlı din xadimi həlak olub”, - deyə Prokudin bildirib.

Məlumata görə, daha 4 keşiş - 51, 53, 51 və 31 yaşlı şəxslər yaralanıb. İlkin məlumata əsasən, onlarda mina-partlayış xəsarətləri qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 18-də Xerson vilayətinin Tekstilnoye qəsəbəsinə Rusiya PUA-sının zərbəsi nəticəsində 2 nəfərin öldüyü bildirilmişdi.