BAKI, 20 sentyabr. TELEQRAF
Ukrayna Qüvvələri bu gecə Moskva regionunda Rusiyanın neft sənayesinin əsas müəssisələrindən birini və logistika obyektini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.
Hücum zamanı "FP-1", "RZ-100", "MICH-2000", "Palyanitsa", "Vendetta", "Lütıy", "Bars", "Flaminqo", "Siçen" və "Pelican" PUA-larından istifadə olunub. Əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti, Xüsusi Əməliyyat Qüvvələri, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidməti tərəfindən birgə həyata keçirilib.
Ukrayna lideri Moskva rəhbərliyini hərbi əməliyyatları dayandırmağa çağırıb:
"Moskva digər regionların hesabına Hava Hücumundan Müdafiə sistemləri qurmaq əvəzinə, bu qəddar müharibəni başa vurub sülhü seçməlidir. Münaqişənin gərginliyini azaltmaq üçün masada konkret təkliflər var: energetika və ərzaq təhlükəsizliyi sahəsində addımlar hazırdır. Bunun üçün sadəcə siyasi iradə lazımdır. Ukraynanın uzaqmənzilli imkanlarını və sanksiya təzyiqlərini gücləndirən hər kəsə minnətdaram".