BAKI, 5 sentyabr. TELEQRAF
ABŞ ordusu İranın üç neft tankerini vurduğunu elan edib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 5-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional sularda patrul xidməti aparan iki ABŞ hərbi gəmisinə ballistik raketlər atmasına cavab olaraq İranın üç neft tankerinə zərbələr endirib.
ABŞ gəmiləri hücumlardan uğurla yayınıb və Amerika hərbçiləri arasında xəsarət alan olmayıb.
Açıqlamaya əsasən, əməliyyat zamanı Xark adası yaxınlığında "Downy" tankeri və Cask liman şəhəri ətrafında "Stark 1" tankeri vurularaq sıradan çıxarılıb.
Həmçinin, ABŞ qüvvələri Oman körfəzində "Kylo" adlı boş tankeri də tamamilə məhv ediblər. İran tərəfi hələlik rəsmi bəyanat verməsə də, yerli mətbuat Xark adası yaxınlığında tankerin vurulduğunu, lakin hadisə nəticəsində ölən və ya yaralananın olmadığını təsdiqləyib.