BAKI, 15 avqust. TELEQRAF
ABŞ administrasiyası “Pax Silica” texnoloji alyansına daxil olan ölkələrə xəbərdarlıq etməyə hazırlaşır ki, Çinin süni intellekt proqramlarında iştirak edəcəkləri təqdirdə koalisiyadan çıxarıla bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton onlarla ölkəyə süni intellekt sahəsində üstünlük uğrunda ABŞ və Çin arasında gedən rəqabətdə tərəf seçməli olduqlarını çatdırmağa hazırlaşır.
“Reuters” jurnalistləri ABŞ Dövlət Departamentinin 35 ölkəyə göndərməyi planlaşdırdığı məktub layihəsi ilə tanış olublar. Siyahıya “Pax Silica” üzvləri ilə yanaşı, süni intellekt sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərən ölkələr də daxildir.
Məktub layihəsində bildirilir ki, “Pax Silica”ya qoşulmaq müəyyən öhdəliklərin qəbulunu nəzərdə tutur və məqsədləri ABŞ təşəbbüsü ilə ziddiyyət təşkil edən paralel proqramlarda iştirakla uyğunlaşmır.
Agentliyin yazdığına görə, hazırda həm “Pax Silica”nın, həm də Çinin analoji təşəbbüsünün iştirakçısı olan yeganə ölkə Qazaxıstandır.
ABŞ rəsmilərindən biri bildirib ki, məktub digər ölkələrə eyni sahədə həm Vaşinqton, həm də Pekinlə paralel əməkdaşlığın mümkün olmayacağını aydın şəkildə çatdırmaq məqsədi daşıyır.
“Pax Silica” təşəbbüsü yarımkeçiricilər, kritik faydalı qazıntılar, enerji resursları və süni intellekt texnologiyaları üzrə istehsal və təchizat zəncirlərinin formalaşdırılmasını nəzərdə tutur. Alyansa Avstraliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İtaliya, BƏƏ, Cənubi Koreya və Yaponiya da daxildir.