BAKI, 15 avqust. TELEQRAF
İsveçrənin “Swissquote” onlayn bankı və onun törəmə neobankı “Yuh” ölkədə yaşayan Rusiya vətəndaşlarının hesablarını seçmə qaydada bağlamağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin “Inside Paradeplatz” portalı hesabı bağlanan müştərilərdən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, qərar İsveçrədə vergi rezidenti olan, daimi yaşamaq üçün “C” kateqoriyalı icazəyə sahib Rusiya vətəndaşlarına, eləcə də ikili vətəndaşlığı və İsveçrə pasportu olan şəxslərə də şamil edilib.
Bildirilir ki, proses ümumilikdə 600-ə yaxın hesaba təsir göstərə bilər. Mənbə hesabların bağlanmasını İsveçrə Maliyyə Bazarlarına Nəzarət Təşkilatının (FINMA) tələblərinin sərtləşdirilməsi ilə əlaqələndirib.
Portalın həmsöhbəti, həmçinin bankın dəstək xidməti ilə telefon danışığı zamanı əməkdaşların hesabların bağlanmasının məhz müştərilərin Rusiya vətəndaşlığı ilə bağlı bankdaxili qərar olduğunu təsdiqlədiklərini bildirib.
“Swissquote”un rəhbəri Mark Bürki hesabların bağlanması faktını təsdiqləyib. Bununla yanaşı, o, bankın çox sayda rusiyalı müştərisinin olmadığını və bu praktikanın sistemli xarakter daşımadığını vurğulayıb.