BAKI, 15 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO üzrə müttəfiqlərinin İranla münaqişə zamanı Vaşinqtona dəstək verməkdən imtina etdiyini və ABŞ-nin bunu unutmadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Nyu-York yaxınlığındakı Nassau dairəsində polis akademiyasında çıxışı zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, digər ölkələr yardıma ehtiyac duyduqları zaman Vaşinqtona müraciət edirlər.
“Onların köməyə ehtiyacı olanda Amerikanı çağırırlar. Mən isə həmişə kömək etmirəm, çünki elə hallar olub ki, bizimlə o qədər də yaxşı davranmayıblar”, - Tramp deyib.
O, NATO müttəfiqlərinin İranla münaqişə zamanı ABŞ-yə dəstək vermədiyini xüsusi vurğulayıb:
“Yeri gəlmişkən, NATO bizi dəstəkləmədi. Biz onilliklər ərzində çox böyük məbləğlər ödəmişik. Onlardan bizə kömək edib-etməyəcəklərini soruşduq. Onlar isə bunu etməməyi üstün tutdular. Amma biz bunu unutmamışıq”.
Vaşinqton bundan əvvəl də ABŞ-İsrail və İran arasında müharibə zamanı bəzi avropalı NATO müttəfiqlərinin mövqeyini dəfələrlə tənqid edib.