BAKI, 15 avqust. TELEQRAF
Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin WAM dövlət informasiya agentliyinin yaydığı bəyanatında bildirilib.
Məlumata görə, hadisə avqustun 14-ü axşam saatlarında baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb və vəziyyət nəzarətə götürülüb.
ADNOC dənizçilərin təhlükəsizliyinin, sərbəst gəmiçiliyin və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Şirkət ictimaiyyəti yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə, şayiə və təsdiqlənməmiş informasiyaları yaymamağa çağırıb.
Bundan əvvəl Hörmüz boğazında ADNOC-a məxsus daha iki gəminin hücuma məruz qaldığı bildirilmişdi. Həmin hadisələrdə də xəsarət alan olmayıb.
Şirkətin avqustun 7-də açıqladığı məlumata əsasən, regionda münaqişə başlayandan bəri ADNOC-un 15 gəmisi Hörmüz boğazında raket və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalıb. Hücumlar nəticəsində bir ekipaj üzvü həlak olub, daha 20 nəfər yaralanıb.