BAKI, 9 avqust. TELEQRAF

Görkəmli Azərbaycan şairi, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əli oğlu Əliyev vəfat edib.

Teleqraf xəbər verir ki, şairin vəfatı barədə məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid təsdiqləyib.

"İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm", - o qeyd edib.

Qeyd edək ki, Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzulidə anadan olub. Əmək fəaliyyəti dövründə "Gənclik" və Azərbaycan Dövlət nəşriyyatlarında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində idarə rəisi vəzifələrində çalışıb. Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından olan sənətkar 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub. Mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə isə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb, eləcə də Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib.