BAKI, 9 avqust. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında 8 avqust 2026-cı ildə baş tutan telefon danışığı Vaşinqtonda keçirilmiş sülh zirvə görüşündən ötən bir ilin yekunlarını qiymətləndirmək baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Deputat bildirib ki, telefon danışığında Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan nəticələrin, regionda sabitliyin qorunmasının və iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının xüsusi vurğulanması Vaşinqton prosesinin artıq siyasi bəyanatlar mərhələsindən praktiki nəticələr mərhələsinə keçdiyini göstərir:

"Xüsusilə son bir il ərzində regionda sülhə xələl gətirən insidentlərin baş verməməsi mühüm göstəricidir. Eyni zamanda Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit daşımaların başlanması və iki ölkə arasında ticarət əlaqələrinin formalaşması sülh prosesinin iqtisadi və praktiki müstəviyə keçdiyini nümayiş etdirir. Bu, Azərbaycanın irəli sürdüyü sülh və regional əməkdaşlıq konsepsiyasının real nəticələr verməsi baxımından əhəmiyyətlidir".

V.Qafarov vurğulayıb ki, telefon danışığında TRIPP layihəsinə xüsusi diqqət yetirilməsi isə daha geniş geosiyasi məna daşıyır:

"Nəqliyyat bağlantılarının inkişafı Azərbaycanı yalnız region ölkələri arasında əlaqələndirici dövlət kimi deyil, Avrasiyanın mühüm logistika və tranzit mərkəzlərindən biri kimi möhkəmləndirir. Azərbaycan ərazisində layihə üzrə işlərin başa çatmaq mərhələsinə gəlməsi, Ermənistan istiqamətində işlərin başlanmasının gözlənilməsi regionda kommunikasiyaların açılması prosesinin konkret mərhələyə daxil olduğunu göstərir".

Milli Məclisin deputatı əlavə edib ki, digər mühüm məqam Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsidir:

"Bu, Azərbaycanın xarici siyasətində çoxvektorlu və milli maraqlara əsaslanan xəttin davamı olmaqla yanaşı, ABŞ-ın Cənubi Qafqazda Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndirdiyini göstərən siyasi mesajdır. Prezident Donald Trampın Azərbaycan Prezidentinin sülh prosesində rolunu yüksək qiymətləndirməsi də Azərbaycanın regional təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir".

Deputatın sözlərinə görə, ümumilikdə, 8 avqust telefon danışığı göstərir ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar Azərbaycan üçün yalnız Ermənistanla sülh məsələsi deyil, həm də regional təhlükəsizlik, nəqliyyat kommunikasiyaları, iqtisadi inteqrasiya və Azərbaycan–ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi baxımından yeni geosiyasi mərhələnin başlanğıcıdır. Azərbaycanın əsas dövlət maraqları baxımından bu proses ölkənin regional liderliyinin möhkəmləndirilməsi, təhlükəsizlik mühitinin sabitləşdirilməsi və iqtisadi-tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm dividendlər yaradır.