BAKI, 9 avqust. TELEQRAF
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli Məkkə hərbi müqaviləsi sırf müdafiə xarakteri daşıyır və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
İ.Darın sözlərinə görə, Məkkə Birgə Müdafiə Müqaviləsinin yeganə məqsədi geniş regionda sülh, sabitlik və tərəqqiyə yönəlmiş birgə səyləri daha da möhkəmləndirməkdən ibarətdir. İyulun 7-də Məkkədə üç ölkə arasında imzalanan sənədə əsasən, iştirakçı dövlətlərdən hər hansı birinə edilən hücum hər üç ölkəyə qarşı olunmuş təcavüz kimi qiymətləndirilir.
Nazir qeyd edib ki, müdafiə paktının təməl prinsiplərinə riayət etməyə və fikir ayrılıqlarını "qarşılıqlı hörmət, əməkdaşlıq və dinc vasitələrlə" həll etməyə hazır olan regionun istənilən ölkəsi üçün bu müqavilə açıqdır.
O vurğulayıb ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hər üç ölkədən birinə kənardan silahlı hücum olarsa, bu, fərdi və kollektiv özünümüdafiə hüququ çərçivəsində hamıya qarşı hücum sayılacaq. Baş nazir əlavə edib ki, pakt bu ölkələrin digər dövlətlər və ya təşkilatlarla mövcud olan ikitərəfli və ya çoxtərəfli müqavilələrini ləğv etmir və ya əvəz eləmir.