BAKI, 4 avqust. TELEQRAF
Varşavanın Həmrəylik prospektində tramvay xəttində təmir işləri zamanı işçilər İkinci Dünya müharibəsinə aid olduğu güman edilən partlamamış hərbi sursat aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın "Radio dla Ciebie" radiostansiyası məlumat yayıb.
Məlumata görə, təcili yardım xidmətləri hadisə yerinə gəlib və bombanın tapıldığı ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Paytaxt polisinin nümayəndəsi Monika Kaçinska bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Varşavanın mərkəzində sursat tapılan yerə gəliblər.
Mina kəşfiyyat qrupunun mütəxəssisi əvvəlcə tapıntının çox güman ki, İkinci Dünya müharibəsinə aid olduğunu təsdiqləyib.
Təhlükəli obyektin ətrafı mühasirəyə alınıb.