BAKI, 4 avqust. TELEQRAF

Kubada güclü leysan yağışları ölkənin milli elektroenerji sisteminin (SEN) bərpası prosesini çətinləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Kubanın Dövlət Enerji Şirkəti (UNE) məlumat yayıb.

Şirkətin açıqlamasına görə, avqustun 3-də axşam saatlarında baş vermiş qəzanın aradan qaldırılması istiqamətində aparılan işlər əlverişsiz hava şəraiti səbəbindən ləngiyib.

"Milli elektroenerji sisteminin bərpası zamanı hava şəraiti şəbəkənin fəaliyyətində nasazlıqlara səbəb olub və bu, ona qoşulmuş generasiya güclərinin işinə birbaşa təsir göstərib", - deyə UNE-nin məlumatında bildirilir.

Şirkət vəziyyətin normallaşdırılması və enerji təchizatının mümkün qədər tez bərpa olunması üçün işlərin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 3-də axşam saatlarında Kubanın milli elektroenerji sistemində baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin verilməsi tam dayanmışdı.

Bu, son bir ay yarım ərzində ölkənin enerji sistemində qeydə alınan dördüncü genişmiqyaslı qəza olub. İyul ayında analoji hadisələr üç dəfə baş verib, avqustun 1-də isə sistem qismən sıradan çıxmış, nəticədə Havana da daxil olmaqla Kubanın qərb və mərkəzi bölgələrində yerləşən bir neçə əyalət demək olar ki, elektriksiz qalmışdı.