BAKI, 4 avqust. TELEQRAF

İran və ABŞ arasında aparılan danışıqlarda yaxın perspektivdə ciddi irəliləyiş əldə oluna bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, vasitəçilər məsləhətləşmələrin gələcəyi ilə bağlı "ehtiyatlı nikbinlik" nümayiş etdirirlər və yaxın zamanda atəşkəsin elan olunacağına ümid edirlər.

Telekanalın məlumatına əsasən, İranın xarici işlər naziri Abbas Əraqçinin yaxın vaxtlarda İslamabada səfər etməsi planlaşdırılır. Lakin səfərin dəqiq tarixi hələ açıqlanmayıb.

Bundan əvvəl Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarını mümkün qədər tez İslamabada dəvət edib. İran rəsmiləri isə Əraqçinin Pakistana mümkün səfəri ilə bağlı yayılan məlumatları hələlik rəsmi şəkildə şərh etməyiblər.

ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun Tehranla danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, müzakirələrdə əsas mövzulardan biri avqustun 4-dən etibarən Hörmüz boğazında gəmiçiliyin bərpasıdır. Tramp hesab edir ki, danışıqlar sürətlə davam edəcək və bu, İran rəhbərliyi üçün qarşılıqlı faydalı razılaşmanın əldə olunması baxımından "son şans" olacaq.