BAKI, 4 avqust. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Endi Börnhem vəzifəsinin icrasına başladıqdan cəmi iki həftə sonra məzuniyyətə yollanıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti Baş nazir Aparatına istinadən məlumat yayıb.
Məlumata görə, Börnhemin məzuniyyəti bu həftənin sonunadək davam edəcək. Bu müddətdə o, hökumət üzvləri ilə əlaqə saxlayacaq və hökumətin fəaliyyəti barədə mütəmadi hesabatlar alacaq. Baş nazir Aparatı Börnhemin ailəsi ilə birlikdə harada istirahət edəcəyini açıqlamayıb.
Baş nazirin yaxın ətrafı onun məzuniyyətə çıxmasını İcmalar Palatasına seçilmək üçün seçki kampaniyası aparması və daha sonra Baş nazir vəzifəsinə hazırlaşarkən intensiv işləməsi ilə izah edib.
Nəşr qeyd edir ki, Börnhemin məzuniyyətdə olduğu müddətdə hökumətdə ən yüksək vəzifəli şəxs Lankaster Hersoqluğunun kansleri və birinci dövlət katibi Luiz Heyq olacaq.
Müxalifətdəki sağ populist Reform UK Partiyasının deputatı Li Anderson isə Baş naziri vəzifələrini yerinə yetirməməkdə ittiham edib.
"Endi Börnhem cəmi iki həftə işləyib və artıq bunun ona bəs etdiyini düşünüb. O, xoş istirahət üçün ölkədən gedib. Ölkəyə rəhbərlik etməyə ciddi yanaşan baş nazir belə davranmaz", – deyə Anderson bildirib.
Qeyd edək ki, Endi Börnhem iyunun 18-də Böyük Britaniya parlamentinin İcmalar Palatasına deputat seçilib. O, bundan əvvəl Böyük Mançesterin meri vəzifəsində çalışıb.
Börnhem iyulun 17-də hakim Leyboristlər Partiyasının lideri elan olunub. O, partiya daxilində alternativ namizəd irəli sürülmədiyi üçün daxili seçki keçirilmədən bu vəzifəyə gətirilib.
İyulun 20-də isə Endi Börnhem Böyük Britaniyanın Baş naziri olub. O, yerli seçkilərdə Leyboristlər Partiyasının uğursuz nəticələrindən sonra istefa verən Kir Starmeri əvəz edib.