BAKI, 4 avqust. TELEQRAF

Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddətinin planlaşdırılandan daha uzun davam etdirilməsi texniki baxımdan mümkündür.

Teleqraf xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Yerə yaxın orbit proqramlarına rəhbərlik edən Dana Vayqel Hyustonda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, NASA hazırda BKS-in istismarının 2030-cu ilin sonunda dayandırılmasını nəzərdə tutan plan üzərində işləyir. Stansiyanın orbitdən çıxarılması prosesinin isə təxminən iki il çəkəcəyi gözlənilir.

"Düşünürük ki, texniki baxımdan stansiya yaxşı vəziyyətdədir. Onun möhkəmlik ehtiyatı kifayət qədər böyükdür. Əgər qanunvericilik baxımından fərqli qərar qəbul olunarsa, fəaliyyət planımızı dəyişməyə hazırıq", – deyə Vayqel bildirib.

NASA rəsmisi əlavə edib ki, Beynəlxalq Kosmik Stansiyadakı sistemlərin böyük hissəsi dəyişdirilə bildiyi üçün kompleksin uzun müddət istismarı texniki baxımdan mümkündür.