BAKI, 4 avqust. TELEQRAF

Qırğızıstanda vəfat etmiş şəxslərin cəsədlərinin kremasiyası (yandırılması) qadağan edilib.

Teleqraf xəbər verir ki, müvafiq qanunu respublika Prezidenti Sadır Japarov imzalayıb.

Qanunun məqsədi dəfnetmə sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, ritual fəaliyyətlərlə bioloji obyektlərlə bağlı sanitar-texniki tədbirlərin bir-birindən fərqləndirilməsidir.

Qanunla vəfat etmiş şəxsin cəsədinin kremasiyasına icazə verən normalar ləğv edilib. Bundan başqa, krematoriyalardan vəfat etmiş insanların, abort olunmuş və ya ölü doğulmuş insan dölünün yandırılması məqsədilə istifadəsi də qadağan olunub. Ancaq tibbi fəaliyyət nəticəsində götürülən insan orqan və toxumalarının sanitar məqsədli termiki məhv edilməsi istisna təşkil edir.

Qanun vəfat etmiş şəxsin külünün dəfn edilməsinə və ya mövcud məzarda yenidən basdırılmasına imkan verən normaları da ləğv edib.