BAKI, 4 avqust. TELEQRAF

Böyük Britaniya parlamentinin İcmalar Palatasının müxalifətdə olan "Reform" UK Partiyasından deputatı Sara Poçin Fransanın La-Manş boğazında qeyri-qanuni miqrasiya ilə mübarizə mövqeyini sərt tənqid edib.

Teleqraf xəbər verir ki, deputat Parisin hərbi gəmilərlə qeyri-qanuni miqrantların qarşısının alınması təklifinə etirazını şərh edərkən sosial şəbəkədə istehzalı paylaşım edib.

"Kaş fransızlar 1940-cı ilin iyununda da öz suverenliklərini müdafiə edərkən eyni qətiyyəti nümayiş etdirəydilər", - Sara Poçin bildirib.

Bazar ertəsi "Reform" UK Partiyasının lideri Naycel Faraj La-Manş boğazında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə planını təqdim edib. Plan hərbi gəmilərin cəlb olunmasını və şişmə qayıqlarla boğazı keçməyə çalışan miqrantların saxlanılaraq Fransa və ya Belçika sahillərinə geri qaytarılmasını nəzərdə tutur.

Faraj bildirib ki, söhbət İkinci Dünya müharibəsindən bəri La-Manşda keçiriləcək ən genişmiqyaslı dəniz əməliyyatından gedir və bu missiya humanitar xarakter daşıyacaq, beynəlxalq dəniz hüququna uyğun həyata keçiriləcək.

Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi isə bu planın həyata keçirilməsinin Fransanın suverenliyinin, eləcə də beynəlxalq və dəniz hüququnun pozulması olacağını bəyan edib.

Məlumata görə, 2018-ci ildən indiyədək 205 mindən çox qeyri-qanuni miqrant şişmə qayıqlarla La-Manşı keçərək Böyük Britaniyaya daxil olub.

Bu ilin aprelində Böyük Britaniya və Fransa La-Manşda nəzarətin gücləndirilməsi barədə razılaşma imzalayıblar. Sazişə əsasən, London Parisə sahil mühafizəsinin və patrul xidmətinin gücləndirilməsi üçün 660 milyon funt sterlinq ayıracaq.

Həmçinin "YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların yalnız 13 faizi Fransanın La-Manşda qeyri-qanuni miqrasiyaya qarşı səmimi mübarizə apardığını düşünür. Respondentlərin 62 faizi isə bunun əksini hesab edir.