BAKI, 4 avqust. TELEQRAF
ABŞ administrasiyası Rusiyanın bir sıra dövlət qurumlarına, o cümlədən Müdafiə Nazirliyinin iki idarəsinə və Quru Qoşunlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal Reyestrdə dərc olunan bildirişində məlumat verilib.
Sənədə əsasən, sanksiyalar iyulun 24-dən qüvvəyə minib. Məhdudiyyətlər Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinə, Perspektivli İdarələrarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsinə, Rusiya Quru Qoşunlarına, həmçinin 1061-ci Maddi-Texniki Təminat Mərkəzinə şamil olunub.
Bundan başqa, "Gideon Alfa" şirkəti, "International Invest Company" MMC, eləcə də Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik, Aleksandr Prixodko və Sergey Tsıbarev də sanksiya siyahısına daxil edilib.
ABŞ Dövlət Departamenti məhdudiyyətləri İran, Şimali Koreya və Suriyaya münasibətdə kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmaması ilə bağlı ABŞ qanunvericiliyinin pozulduğu iddiaları ilə əsaslandırıb.
Bildirişdə qeyd olunur ki, sözügedən hüquqi və fiziki şəxslərin həmin ölkələrə ixrac nəzarəti rejimlərinə daxil olan mal, xidmət və texnologiyaları ötürdüyü və ya onlardan əldə etdiyi iddia edilir. ABŞ tərəfinin fikrincə, bunlardan kütləvi qırğın silahlarının, qanadlı və ya ballistik raket sistemlərinin hazırlanmasında istifadə oluna bilər.
Sanksiyalar ABŞ federal qurumlarına siyahıya salınmış şəxslərdən mal, texnologiya və xidmətlərin alınmasını, onlara hər hansı dəstəyin göstərilməsini, hərbi təyinatlı məhsulların verilməsini və lisenziyaların rəsmiləşdirilməsini qadağan edir. Məhdudiyyətlərin iki il müddətində qüvvədə qalacağı bildirilir.