BAKI, 4 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və enerji siyasətini Avropanın üzləşdiyi əsas problemlər adlandırıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Avropanı məhv edən iki məsələ var. Birincisi miqrasiya, ikincisi isə energetikadır", - deyə ABŞ Prezidenti bildirib və qeyri-qanuni miqrant axınının dayandırılmasına çağırıb.
Enerji sahəsindəki problemlərə nümunə kimi Böyük Britaniyanı göstərən Tramp bildirib ki, ölkə dünyanın ən zəngin enerji mənbələrindən biri hesab olunan Şimal dənizinə malik olsa da, buna baxmayaraq Norveçdən enerji resursları almağa davam edir.
Onun sözlərinə görə, bu siyasət Böyük Britaniyanı iqtisadi baxımdan çətin vəziyyətə salır.
Qeyd edək ki, iyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək və ya dalğaqıranı keçərək İspaniyaya məxsus Seuta muxtar şəhərinə daxil olmağa cəhd edib. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədi keçmək istəyən 11 nəfər həyatını itirib, təxminən 40 min nəfər isə Seutaya daxil olmağı bacarıb. İspaniya hökuməti isə Seutaya çatmağa çalışarkən azı 72 nəfərin öldüyünü açıqlayıb.