BAKI, 4 avqust. TELEQRAF
Mərakeş hökuməti ölkənin qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini və bu istiqamətdə etibarlı tərəfdaş olaraq fəaliyyətini davam etdirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə krallıq hökumətindəki yüksəkvəzifəli mənbə Hespress xəbər portalına açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, Mərakeş qeyri-qanuni miqrasiya ilə mübarizədə hər zaman məsuliyyətli və suveren tərəfdaş olub.
"Miqrasiya məsələsinin idarə olunması ümumi məsuliyyətdir və Mərakeş bu problemin həlli üçün həmişə öz töhfəsini verib. Ölkəmiz bu sahədə bütün öhdəliklərini yerinə yetirir və heç vaxt təzyiqə və ya şantaja boyun əyməyib", - deyə o vurğulayıb.
Bildirilib ki, Aralıq dənizinin qərb sahillərinin son illərdə Avropa üçün nisbətən daha az problemli marşrut olması cinayətkar miqrasiya şəbəkələrinin fəaliyyət göstərməməsi ilə deyil, Mərakeşin bu istiqamətdə böyük resurslar səfərbər etməsi ilə bağlıdır.
Hökumət rəsmisi əlavə edib ki, Mərakeşlə İspaniya arasında qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq nümunəvi xarakter daşıyır.
Rəsmi məlumatlara görə, 2024–2025-ci illərdə Mərakeşin təhlükəsizlik qurumları təxminən 160 min qeyri-qanuni miqrasiya cəhdinin qarşısını alıb, 632 insan alveri və qeyri-qanuni miqrasiya şəbəkəsini zərərsizləşdirib, dənizdə isə 32 mindən çox xilasetmə əməliyyatı həyata keçirib.
Hökumətin məlumatında qeyd olunur ki, son beş il ərzində ölkədə ümumilikdə 360 mindən çox qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alınıb.
Xatırladaq ki, iyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək və ya dalğaqıranı keçərək İspaniyaya məxsus Seuta muxtar şəhərinə daxil olmağa cəhd edib. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədi keçmək istəyən 11 nəfər həyatını itirib, təxminən 40 min nəfər isə Seutaya daxil olmağı bacarıb. İspaniya hökuməti isə Seutaya çatmağa çalışarkən azı 72 nəfərin öldüyünü açıqlayıb.