BAKI, 4 avqust. TELEQRAF
ABŞ Ali Məhkəməsi Fələstin Administrasiyası və Fələstin Azadlıq Təşkilatının (FAT) 655,5 milyon dollarlıq təzminat qərarının icrasının dayandırılması ilə bağlı müraciətini təmin etməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Ali Məhkəmənin hakimi Sonia Sotomayor Fələstin tərəfinin apellyasiya prosesi başa çatanadək qərarın icrasının dayandırılması barədə vəsatətini rədd edib.
Söhbət 2002–2004-cü illərdə Qüdsdə baş vermiş silahlı hücumlar və partlayışlar nəticəsində ölən və yaralanan ABŞ vətəndaşlarının adından qaldırılan mülki iddiadan gedir.
İddiaçılar 2015-ci ildə Nyu-York federal məhkəməsində 655,5 milyon dollarlıq təzminat qərarı əldə etmişdilər. Lakin 2016-cı ildə Apellyasiya Məhkəməsi işə baxan məhkəmənin səlahiyyətinin olmadığını əsas gətirərək həmin hökmü ləğv etmişdi.
ABŞ Konqresi isə 2019-cu ildə terror qurbanlarının Fələstin qurumlarına qarşı iddia qaldırmasını asanlaşdıran qanun qəbul edib. ABŞ Ali Məhkəməsi ötən il bu qanunun Konstitusiyaya uyğun olduğuna qərar verib və bundan sonra Apellyasiya Məhkəməsi təzminat hökmünü yenidən qüvvəyə mindirib.
Fələstin Administrasiyası və FAT məhkəməyə təqdim etdikləri sənədlərdə bildiriblər ki, qərarın icrası İordan çayının qərb sahilində dövlət xidmətlərinin maliyyələşdirilməsinə ciddi zərbə vuracaq və regional təhlükəsizliyə mənfi təsir göstərəcək.
Onların iddiasına görə, təzminatın ödənilməsi üçün İsrail tərəfindən toplanaraq Fələstin Administrasiyasına köçürülən vergi gəlirlərindən istifadə oluna bilər ki, bu da təhlükəsizlik, kommunal xidmətlər və təhsil sisteminin fəaliyyətini təhlükə altına salacaq.