BAKI, 4 avqust. TELEQRAF

ABŞ-nin demokratların rəhbərlik etdiyi 25 ştat Prezidenti Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. Ştatlar Ağ evi ABŞ-nin 60 ticarət tərəfdaşına tətbiq edilən yeni gömrük rüsumları ilə bağlı səlahiyyət həddini aşmaqda ittiham edirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İddia Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunub. Bundan əvvəl də bir sıra kiçik biznes nümayəndələri rüsumların qüvvəyə mindiyi gün onların dayandırılması tələbi ilə məhkəməyə müraciət etmişdilər.

Məlumata görə, Tramp administrasiyası iyulun 24-də Avropa İttifaqı da daxil olmaqla 60 ticarət tərəfdaşına qarşı 10 və 12,5 faiz həcmində yeni gömrük rüsumları tətbiq edib. Vaşinqton bu qərarı həmin ölkələrin məcburi əməkdən istifadə edilməklə istehsal olunan malların ixracının qarşısını almaq üçün kifayət qədər tədbir görməməsi ilə əsaslandırıb.

İddia qaldıran ştatlar, o cümlədən Oreqon və Nyu-York hesab edir ki, Trampın tətbiq etdiyi genişmiqyaslı tarif siyasəti qanunvericiliyin tələblərinə uyğun deyil və idxal rüsumlarının müəyyənləşdirilməsi üzrə prezidentin səlahiyyətlərini aşır.

Ağ evin sözçüsü Kuş Desai isə yeni rüsumların həm qanuni, həm də ədalətsiz ticarət təcrübələrinə qarşı əsaslandırılmış cavab olduğunu bildirib. Onun sözlərinə görə, məcburi əməyin məhsulu olan malların idxalına qarşı effektiv tədbirlərin görülməməsi ABŞ iqtisadiyyatına və amerikalı işçilərə zərər vurur.

"Reuters" qeyd edir ki, Tramp administrasiyası daha əvvəl tətbiq etdiyi tariflərlə bağlı məhkəmələrdə bir sıra hüquqi məğlubiyyətlərə baxmayaraq, yeni rüsumlar tətbiq etməyə davam edir. ABŞ Ali Məhkəməsi fevralın 20-də Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının (IEEPA) prezidentə ticarət tərəfdaşlarına birtərəfli qaydada tarif tətbiq etmək səlahiyyəti vermədiyi barədə qərar qəbul etmişdi.

Hazırkı tariflər isə 1974-cü il Ticarət Aktının 301-ci maddəsinə əsasən tətbiq olunub. İddiaçılar bildirirlər ki, bu hüquqi mexanizm tarixən konkret ölkə və ya sahələrə qarşı istifadə edilib, Tramp administrasiyasının demək olar ki, bütün idxalı əhatə edən yanaşması isə presedentsizdir.

Ştatlar və kiçik biznes nümayəndələri iddia edirlər ki, administrasiya "məcburi əmək" arqumentindən məhkəmələrin qanunsuz saydığı əvvəlki tarifləri yenidən tətbiq etmək üçün istifadə edib və belə genişmiqyaslı rüsumlar problemin həllinə xidmət etmir.