BAKI, 26 iyul. TELEQRAF
İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının Qərb sahilində yerləşən Nablus şəhəri ətrafında hərbi əməliyyatların genişləndirilməsinə hazırlaşdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a İsrail Müdafiə Ordusunun nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, hərbçilər iyulun 24-də onlarla fələstinli ilə israilli mülki şəxslər arasında baş vermiş şiddətli toqquşmalarda iştirak edən şəxslərin aşkarlanaraq saxlanılması məqsədilə Nablusda əməliyyatın genişləndirilməsinə hazırlaşırlar.
SAXAL nümayəndəsi bildirib ki, iyulun 24-də iki israillinin öldürülməsi ilə nəticələnən hadisədən sonra Nablus şəhəri və ətraf təhlükəsizlik zonalarını əhatə edən genişmiqyaslı antiterror əməliyyatı başladılıb.
Onun sözlərinə görə, Hivat-Qilad yaşayış məntəqəsi yaxınlığında baş verən toqquşmalar zamanı hər iki tərəfdən atəş açılıb, fələstinli silahlı şəxs isə İsrailin çevik reaksiya qrupunun əməkdaşına məxsus silahı ələ keçirib.
Hadisə nəticəsində İsrail tərəfdən bir çevik reaksiya qrupu üzvü və bir SAXAL hərbçisi həlak olub, təhlükəsizlik qüvvələrinin digər əməkdaşları isə yaralanıblar.
Nümayəndə əlavə edib ki, toqquşmalar zamanı dörd fələstinli də həlak olub, bir neçə nəfər isə yaralanıb.
SAXAL rəsmisi qeyd edib ki, ordunun İordan çayının Qərb sahilində terrorla mübarizə aparmaq, bütün sakinləri qorumaq və asayişi təmin etmək missiyası davam edir.