BAKI, 24 iyul. TELEQRAF
Rusiya prokurorluğu Moskvada “Arbat” batalyonunun rəhbəri Armen Sarkisyanın ölümü ilə nəticələnən terror aktında iştirakda ittiham olunan Varaj Manukyana 24 il həbs cəzası verilməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.
Bildirilib ki, dövlət ittihamçısı İkinci Qərb Dairə Hərbi Məhkəməsindən Manukyanın 6 ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməklə ümumilikdə 24 il azadlıqdan məhrum edilməsini tələb edib.
Prokuror, həmçinin təqsirləndirilən şəxsin əldəqayırma partlayıcı qurğunu daşıdığı “Mercedes” markalı avtomobilin dövlət xeyrinə müsadirə olunmasını istəyib.
Məlumata görə, dövlət ittihamçısı məhkəmədən Manukyana 500 min rubl məbləğində cərimə təyin edilməsini də tələb edib.
Manukyan ona qarşı irəli sürülən ittihamların mahiyyəti ilə bağlı mövqeyini açıqlamaqdan imtina edib və Rusiya Konstitusiyasının 51-ci maddəsinə istinad edib. Onun son sözü və hökmün elan olunması ilə bağlı məhkəmə iclaslarının gələn həftə keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, məhkəmə prosesi təhlükəsizlik tədbirləri ilə əlaqədar jurnalistlər və dinləyicilər üçün qapalı keçirilir. Təqsirləndirilən şəxsin müdafiəsi və zərərçəkən tərəf də prosesin qapalı keçirilməsi barədə prokurorun vəsatətini dəstəkləyib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, Manukyan terror aktı törətməkdə və mütəşəkkil qrupun tərkibində partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsində ittiham olunur.
İstintaqın versiyasına əsasən, 2024-cü ildə Moskvada terror aktı planlaşdırılıb və hədəf Ukraynada 2014-cü ilin fevral hadisələri ilə bağlı mövqeyi ilə tanınan ictimai xadim Armen Sarkisyan olub. İstintaq bildirir ki, Manukyan partlayıcı qurğunun daşınması, saxlanması və digər şəxslərə ötürülməsində iştirak edib.