BAKI, 24 iyul. TELEQRAF
İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının qərb sahilində yerləşən Tubas və Beyt-Furik kəndləri ərazisində antiterror əməliyyatlarına başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, ordunun məlumatına görə, əməliyyatlara səbəb həmin ərazidə israillilərə qarşı baş verən iki hücum olub.
SAXAL-ın açıqlamasında bildirilib ki, cümə axşamı günü iki silahlı şəxs İtamar yaşayış məntəqəsi yaxınlığında evin yandırıldığı ərazidə İsrail vətəndaşına bıçaqla xəsarət yetirib. Digər hücum zamanı isə Ganim yaşayış məntəqəsi yaxınlığında İsrail hərbçisi bıçaqlanıb.
İsrail ordusu hər üç hücumçunun zərərsizləşdirildiyini bildirib.
Məlumata görə, Beyt-Furikdə hərbçilər hücumçulardan birinin evinə daxil olub, bir neçə binada axtarış aparıb və bir sıra şübhəliləri dindirib. Tubasda isə Ganim ərazisində hücum həyata keçirən şəxsin evində axtarış keçirilib, həmçinin mümkün terror aktlarının qarşısını almaq məqsədilə reydlər təşkil olunub.
SAXAL bəyan edib ki, İsrail ordusu terror fəaliyyətlərinə qarşı əməliyyatları davam etdirəcək və təhlükəsizliyin təmin olunması üçün fəal tədbirlər görəcək.