BAKI, 24 iyul. TELEQRAF
ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirərək daha doqquz şirkət və iki fiziki şəxsi məhdudiyyətlər siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunan məlumatda bildirilib.
ABŞ dövlət katibi Marko Rubionun açıqlamasına görə, dörd şirkət əvvəllər tətbiq edilmiş sanksiyalardan yayınmağa cəhd göstərdiklərinə görə məhdudiyyətlərə məruz qalıb. Daha üç şirkət Kubanın enerji sektorunda fəaliyyət göstərdiyi üçün siyahıya salınıb.
Vaşinqtonun iddiasına əsasən, daha iki şirkət və iki fiziki şəxs isə kubalı tibb işçilərinin istismarında iştirak edib.
Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi sanksiyalar siyahısına daxil edilmiş CEIBA Investments Limited investisiya şirkətinin fəaliyyətinin dayandırılması, eləcə də borc öhdəliklərinin satılması və ya ötürülməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün avqustun 22-dək qüvvədə olacaq ümumi lisenziyalar verib.
Bundan əlavə, ABŞ hakimiyyəti Kubada fəaliyyət göstərən üçüncü ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi üçün zəruri maliyyə əməliyyatlarının aparılmasına imkan verən ayrıca ümumi lisenziya da təqdim edib.
ABŞ qanunvericiliyinə əsasən, sanksiyalar siyahısına daxil edilən şəxslərin və şirkətlərin ölkədəki aktivləri dondurulur, ABŞ vətəndaşları və şirkətlərinə isə onlarla işgüzar əlaqələr qurmaq qadağan edilir.