BAKI, 24 iyul. TELEQRAF
Fransanın cənub-qərbində və cənub-şərqində yanğınsöndürənlər ümumilikdə 6200 hektardan çox ərazini əhatə edən iki böyük meşə yanğını ilə mübarizə aparmağa davam edirlər. Arkaşon körfəzi yaxınlığındakı Jironde departamentində təxminən 20.000 insan təxliyə edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Məlumata görə, yanğın təxminən 3700 hektar meşə sahəsini əhatə edib və Lège-Cap-Ferret kommunasına yaxınlaşır. Alov şəhər qəbiristanlığına və yaşayış binalarına çatıb.
"Yanğın gözlənilməz şəkildə davam edir, yeni ərazilərə yayılır və çox tez güclənir", - Jironde yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Mark Vermeulen bildirib.
Yanğının söndürülməsinə təxminən 800 yanğınsöndürən və təyyarə cəlb olunub və prefektura Arkaçon körfəzi bölgəsi məşhur turizm məkanı olduğundan, təxminən 20.000 nəfərin təxliyə edildiyini, onların çoxunun turist olduğunu bildirib. İlkin məlumatlara görə, ölən olmayıb.