BAKI, 24 iyul. TELEQRAF
ABŞ-nin kosmik şirkəti "SpaceX" "Starship" kosmik gəmisinin 13-cü sınaq uçuşu üçün nəzərdə tutulan buraxılışı hava şəraiti ilə əlaqədar iyulun 24-nə keçirib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Starship"in 13-cü sınaq uçuşu hava şəraitinə görə artıq cümə günü, iyulun 24-də həyata keçiriləcək", - deyə "SpaceX"in açıqlamasında bildirilib.
Qeyd edək ki, buraxılış əvvəlcə iyulun 16-na planlaşdırılmışdı, lakin son anda ləğv edilmişdi. "SpaceX"in rəhbəri İlon Mask bildirmişdi ki, mühərriklərdən bəziləri işə düşməyib və bu, startın avtomatik dayandırılmasına səbəb olub. Şirkət növbəti cəhdi iyulun 23-də həyata keçirməyi planlaşdırırdı.
"Starship"in 12-ci sınaq uçuşu may ayında baş tutmuşdu. Həmin uçuş zamanı "SpaceX" "Starship S39" aparatını kosmosa göndərmişdi. Bu, şirkətin üçüncü nəsil V3 raketlərinin ilk nümunəsi sayılırdı. Lakin kosmik gəmi suya enişdən sonra partlamışdı.
"SpaceX" bildirib ki, mütəxəssislər həmin uçuş zamanı aşkar edilən problemləri aradan qaldırıb və proqram təminatında zəruri dəyişikliklər ediblər.
Şirkətin planlarına əsasən, "Starship" sistemi müxtəlif versiyalarda insanlı orbital uçuşlar, peyklərin orbitə çıxarılması, Ay və Mars missiyaları, eləcə də daha uzaq kosmik obyektlərə səfərlər üçün istifadə oluna biləcək universal kosmik nəqliyyat sistemi olacaq. Layihəyə görə, təkrar istifadə olunan Super Heavy gücləndiricisi və "Starship" kosmik gəmisi şaquli eniş həyata keçirəcək.