BAKI, 24 iyul. TELEQRAF
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərindən sonrakı daxili siyasi proseslərlə yanaşı, beynəlxalq reaksiyalar da diqqət mərkəzindədir.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” yazıb.
Nəşr bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin hələ də Ermənistan Baş naziri Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyib:
“Kremlin sözçüsü Dmitri Peskov seçkilərdən sonra söyləmişdi ki, Moskva yekun rəsmi nəticələrin açıqlanmasını gözləyir, ancaq bundan sonra təbrik mesajının göndərilib-göndərilməyəcəyi ilə bağlı qərar veriləcək.
Artıq seçkilərin rəsmi yekun nəticələri açıqlanıb, Konstitusiya Məhkəməsinin və Mərkəzi Seçki Komissiyasının yekun qərarları mövcuddur. Buna baxmayaraq, Rusiya Prezidentindən rəsmi təbrik mesajı gəlməyib.
Bu fakt özlüyündə seçkilərin tanınmaması kimi qiymətləndirilə bilməsə də, belə təbriklər diplomatik baxımdan mühüm jest hesab olunur və xüsusilə Ermənistanın xarici siyasətində Rusiya və Çinin rolunu nəzərə aldıqda, ikitərəfli münasibətlər kontekstində siyasi siqnal kimi dəyərləndirilir”.