BAKI, 24 iyul. TELEQRAF
İsrail İrana sarsıdıcı zərbə endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə naziri İsrael Kats İranın İsrailə hücum edəcəyi təqdirdə İsrail Müdafiə Ordusunun (SAXAL) İrana sarsıdıcı zərbə endirəcəyini bildirib.
“Biz istənilən ssenariyə hazırıq. Əgər İran İsrailə hücum edərsə, biz sarsıdıcı zərbə endirəcəyik”, - deyə Kats bildirib. Onun açıqlamalarını “Ynet” portalı yayıb.
Nazir qeyd edib ki, İsrail mümkün təhlükələrə qarşı hazırlıqlıdır və ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində İrana qarşı genişmiqyaslı hücum ehtimalını nəzərdən keçirdiyini bildirib. O, mümkün zərbələrin əvvəlkilərdən daha geniş ola biləcəyini deyib.
Trampın sözlərinə görə, ABŞ-nin müraciəti olacağı təqdirdə İsrail belə bir əməliyyata “iki dəqiqə ərzində” qoşula bilər. Bununla yanaşı, ABŞ lideri yeni hərbi əməliyyatın başlanması üçün Vaşinqtonun heç kimə ehtiyac duymadığını da vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrailin İranla müharibəyə başladığı bildirilən tarix 28 fevraldır. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.