BAKI, 24 iyul. TELEQRAF
Səudiyyə Ərəbistanı şahzadəsi Abdullah bin Fahad bin Abdullah bin Əbdüləziz bin Cəlavi Əl Səud 2025-ci ilin noyabrında Londonun qərbindəki otellərdən birində ölü tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Bildirilib ki, məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, şahzadənin ölümünə narkotik maddələrin həddindən artıq qəbulu səbəb olub.
Məlumata görə, şahzadənin qanında alkoqol, qamma-hidroksibutirat (GHB), kannabis və "Xanax" preparatının izləri aşkarlanıb. Onun meyiti noyabrın 25-də Londonun Kensinqton rayonunda yerləşən "Marriott" otelinin otağının hamamında tapılıb. Oteldə gecələməyin qiyməti təxminən 600 funt sterlinq (800 dollar) təşkil edib.
Nəşrin yazdığına görə, şahzadə ölümündən üç ay əvvəl Londondakı "Priory" klinikasında müalicə alıb. Müalicənin həftəlik qiymətinin 35 min funt sterlinqə (45 min dollar) qədər olduğu qeyd edilir.
29 yaşlı şahzadə noyabrın 19-da otelə yerləşib və bir həftə qalmağı planlaşdırıb. Təhlükəsizlik kameraları onu ölümündən əvvəlki axşam sonuncu dəfə siqaret çəkmək üçün küçəyə çıxarkən qeydə alıb. Onun cəsədi beşinci mərtəbədəki otağın hamamında təmizlik işçisi tərəfindən aşkarlanıb. Təcili yardım əməkdaşlarının səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
"Priory" klinikasının psixiatrı Viktoriya Çamorro bildirib ki, şahzadə klinikadan buraxılarkən intihar riski daşımayıb. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilərkən şahzadədə əhval-ruhiyyənin aşağı olması və narahatlıq əlamətləri müşahidə edilsə də, müalicə zamanı digər pasiyentlərə qarşı mehriban davranıb və dostluqlar qurub.
Çamorro qeyd edib ki, şahzadə evə buraxıldıqdan sonra videokonfrans vasitəsilə müalicə seanslarına qatılmalı idi, lakin sonradan əlaqəni kəsib.
"The Daily Telegraph"ın məlumatına görə, şahzadə daha sonra İngiltərənin Mersisayd qraflığındakı Sent-Helen şəhərində yerləşən "Rainford Hall" özəl klinikasında müalicəsini davam etdirib. Burada müalicənin həftəlik qiymətinin 7 min funt sterlinq (9,3 min dollar) olduğu bildirilib. O, yuxarı tənəffüs yolları infeksiyası diaqnozu ilə müalicə olunub və oktyabrın 14-də sağaldıqdan sonra klinikanı tərk edib.
Ekspertiza göstərib ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun ulu babasının nəslindən olan şahzadədə kəskin və ya xroniki xəstəlik olmayıb. Lakin narkotik maddə və alkoqol təsiri nəticəsində ürək dayanması baş verib.
Korner köməkçisi Cin Harkin şahzadənin özünə qəsd etmək niyyətində olduğuna inanmadığını bildirib və ölüm hadisəsini bədbəxt hadisə kimi qiymətləndirib.