BAKI, 24 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində daha 48 fiziki və 168 hüquqi şəxsi məhdudiyyətlər siyahısına daxil edib. Bununla da Aİ-nin sanksiyalar siyahısında yer alan fiziki və hüquqi şəxslərin ümumi sayı 3,1 minə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının "Avropa İttifaqının Rəsmi Jurnalı"nda dərc olunan qərarında bildirilib.

Yeni siyahıya Rusiyanın idman naziri Mixail Deqtyaryov, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, iş adamı Mixail Qutseriyev, "Rusiya Dəmir Yolları"nın (RJD) baş direktoru Oleq Belozyorov, "Qazprom-Media Holdinq"in baş direktoru Aleksandr Jarov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, müğənni Aleksandr Marşal və digər şəxslər daxil edilib.

Bundan başqa, sanksiyalar "İnter RAO", AFK "Sistema", "Seliqdar", DOM.RF, "Ak Bars", "Uralsib", "Zenit", "Sankt-Peterburq" və MTS Bank da daxil olmaqla bir sıra şirkət və banklara, həmçinin neft, qaz və qızıl hasilatı sahəsində fəaliyyət göstərən müəssisələrə şamil olunub.

Aİ bildirir ki, məhdudiyyətlər aktivlərin dondurulmasını, sanksiya tətbiq edilən şəxslərə maliyyə vəsaitlərinin təqdim edilməsinin qadağan olunmasını, fiziki şəxslər üçün isə Avropa İttifaqına giriş və üzv ölkələr ərazisindən tranzit keçidinə qadağanı nəzərdə tutur.

Qərar "Avropa İttifaqının Rəsmi Jurnalı"nda dərc edildiyi gündən qüvvəyə minib.