BAKI, 24 iyul. TELEQRAF

Almaniya kansleri Qırmızı dənizdə gəmilərə hücumları pisləyib.

Teleqraf xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Qırmızı dənizdə gəmilərə qarşı hücumları pisləyərək, istənilən formada dəniz blokadasının qəbuledilməz olduğunu bildirib.

“Almaniya hökuməti husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus gəmilərə hücumlarını ən qəti şəkildə pisləyir. Bu hücumlar dərhal dayandırılmalıdır. Dəniz blokadasının istənilən forması qəbuledilməzdir”, - deyə Merts bildirib.

Kanslerin sözlərinə görə, bu cür “düşünülməmiş hücumlar” dəniz nəqliyyatı azadlığını təhlükə altına qoyur və regionda sabitliyin daha da pozulmasına səbəb ola bilər.

Merts Almaniyanın Səudiyyə Ərəbistanı və regiondakı tərəfdaşları ilə həmrəy olduğunu vurğulayıb.

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiyini açıqlamışdı. Hərəkatın nümayəndələri Enselia və Leyla neft tankerlərinə hücum etdiklərini bildiriblər.

Husilərin məlumatına görə, hücumlar zamanı raket və pilotsuz uçuş aparatlarından istifadə olunub. Zərbə nəticəsində Enselia tankerinin ön hissəsində yanğın baş verdiyi qeyd edilib.