BAKI, 17 iyul. TELEQRAF
Rusiya və Azərbaycan müxtəlif səviyyələrdə, o cümlədən dövlət başçıları arasında davam edən müntəzəm təmaslar sayəsində ölkələr arasında Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəliləyirlər.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.
Rusiya diplomatiyasının rəhbəri vurğulayıb ki, hər iki ölkənin Xarici İşlər Nazirlikləri səviyyəsində dialoq bir daha prezidentlər arasında, eləcə də hökumətlər, nazirliklər, idarələr və parlamentlər arasında müntəzəm əlaqələri gücləndirir:
"Bütün bunlar göstərir ki, bəzən ortaya çıxan çətinliklərə baxmayaraq - onlar həyatda qaçılmazdır - biz 22 fevral 2022-ci ildə imzaladığımız Müttəfiqlik Əməkdaşlığı haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəliləyirik".
Nazir həmçinin imzalanma tarixinə xüsusi diqqət çəkib: "Yeri gəlmişkən, rəqəm 22, 2, 22-dir".
Rusiya tərəfi də öz növbəsində Azərbaycanlı həmkarlarını Moskvada salamlamaqdan və Rusiya ilə Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində dialoqu davam etdirməkdən məmnunluq duyur.