BAKI, 17 iyul. TELEQRAF

Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) İranın Bitki Mühafizəsi Təşkilatından Rusiyaya ixrac üçün güllərin sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

Çiçəklərin mənşəyi ilə bağlı ikitərəfli danışıqlar aparılana qədər sertifikatlaşdırmanın dayandırılması təklif olunur. Agentlik izah edib ki, İrandan gələn güllərin daşınması 2026-cı ildə ötən illə müqayisədə kəskin şəkildə artıb. Bundan əlavə, onların xarici xüsusiyyətləri və qablaşdırmasının əvvəllər Ermənistandan idxal edilənlərlə eyni olduğu iddia edilir.

Agentliyin nümayəndələri bildiriblər ki, "Rosselxoznadzor" əvvəllər İranı Ermənistan gül məhsullarına tətbiq edilən müvəqqəti məhdudiyyətlər barədə məlumatlandırıb. Lakin onlar bildiriblər ki, İran tərəfindən heç bir cavab verilməyib.

Qeyd edək ki, 22 may 2026-cı il tarixindən etibarən Rusiya hakimiyyəti Ermənistan mənşəli və ya Ermənistandan göndərilən kəsilmiş güllərin idxalını qadağan etdi. Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) məhdudiyyətlərin siyasi motivli olmadığını, əksinə istehsalın təşkili və nəzarətində aşkar edilmiş pozuntularla əlaqəli olduğunu iddia etdi.