BAKI, 17 iyul. TELEQRAF

Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri daxil olmaqla, Azərbaycan-Rusiya ikitərəfli gündəliyini müzakirə ediblər.

Məlumata görə, nazirlər iki ölkə arasında əldə edilmiş razılaşmaların icrasını nəzərdən keçiriblər.

Müzakirələr iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə, o cümlədən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının roluna yönəldilib.

Həmçinin nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Nazirlər Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, eləcə də insanlararası əlaqələrin və akademik və gənclər mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

Diqqət Xəzər dənizindəki ekoloji vəziyyətə, o cümlədən suyun səviyyəsinin aşağı düşməsindən irəli gələn çətinliklərə və bu baxımdan əməkdaşlığın vacibliyinə yönəldilib.

Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Cənubi Qafqazdakı vəziyyətə toxunan nazir Ceyhun Bayramov 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranan yeni reallıqların beynəlxalq hüquq prinsiplərinə, xüsusən də dövlət suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslandığını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimadın qurulması istiqamətində atılan addımlar normallaşma prosesinin irəliləməsinə əhəmiyyətli töhfə verib.

Görüş zamanı Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sülhün və sabitliyin təmin edilməsində diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin əhəmiyyəti vurğulanıb.