BAKI, 17 iyul. TELEQRAF

“Yüksəliş” müsabiqəsi ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib.

Teleqraf xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsində İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib.

O vurğulayıb ki, bu layihə Azərbaycanın gələcəyinə qoyulan investisiyanın, insan kapitalına verilən strateji dəyərin və dövlət idarəçiliyində peşəkarlığın inkişafına xidmət edən milli siyasətin mühüm təzahürüdür:

“Ombudsmanın fəaliyyəti insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, ədalətin və bərabərliyin təşviqi kimi fundamental dəyərlərə söykənir. Bu missiya, təkcə hüquqi çərçivələrlə məhdudlaşmır. O eyni zamanda dövlət qurumları ilə insanlar arasında körpü rolunu oynayır, sosial ədalətin təmin olunmasına və vətəndaş məmnunluğuna yönəlik institusional davranış modelini təbliğ, təşviq edir. İnanıram ki, gələcəyin rəhbər və qərar qəbul edən şəxsləri kimi sizlər də peşəkar fəaliyyətinizdə bu prinsipləri daim rəhbər tutacaqsınız”.