BAKI, 17 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hərbi əməliyyat mərhələsinin başa çatdığını bəyan edib.

Teleqraf xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemləri və logistika infrastrukturu hədəfə alınıb.

“ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti zərbələr seriyasını tamamlayıb. Əməliyyat çərçivəsində hava hücumundan müdafiə vasitələri və logistika infrastrukturu vurulub”, - açıqlamada bildirilib.

Hədəflərin dəqiq sayı, əməliyyatın müddəti, eləcə də vurulan obyektlərə dəyən ziyanın miqyası barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi qarşıdurma yenidən kəskinləşib. ABŞ qüvvələri İranın müxtəlif bölgələrində yerləşən hərbi və infrastruktur obyektlərinə zərbələr endirir, Tehran isə buna cavab olaraq ABŞ-ın regiondakı hərbi obyektlərini və maraqlarını hədəfə aldığını bildirir.