BAKI, 17 iyul. TELEQRAF
İsrail parlamenti – Knesset oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində qanunverici orqanın rəsmi şəkildə buraxılmasını nəzərdə tutan qanunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə daxil edilən müvafiq müddəa Knessetin 120 deputatından 62-si tərəfindən dəstəklənib. Sənədin əleyhinə səs verən və ya bitərəf qalan olmayıb.
Qanuna əsasən, iyulun 17-dən etibarən Knesset tətilə çıxır və növbəti dəfə yalnız seçkilərdən sonra formalaşacaq yeni tərkibin andiçmə mərasimində toplanacaq.
Qeyd edək ki, seçkilərin oktyabrın 27-də keçirilməsi barədə qərar iyulun 12-də Knesset İşləri Komissiyasının iclasında açıqlanmışdı. İsrail Mərkəzi Seçki Komissiyası hələ 2023-cü ilin aprelində növbəti parlament seçkilərinin məhz həmin tarixdə keçiriləcəyini müəyyən etmişdi.
2022-ci ilin noyabrında keçirilən son seçkilərdən sonra Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası hakim koalisiyanı formalaşdırmışdı. Netanyahu yeni hökumət qurulana qədər baş nazir vəzifəsində qalacaq.