BAKI, 17 iyul. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin, “Bakı Fəhləsi Maşınqayırma Zavodu” ASC-də isə ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib.

Teleqraf xəbər verir ki, məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.