BAKI, 17 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerika kəşfiyyatının Venesuelada 2020-ci ildə keçirilən parlament seçkilərinin nəticələrinin hakimiyyətin xeyrinə saxtalaşdırılması ilə bağlı plan aşkar etdiyini iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə xalqa televiziya müraciəti zamanı danışıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq sənədlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əldə etdiyi məlumatlar əks olunub.
“Bu gün açıqlayacağımız sənədlər göstərir ki, CIA Venesuelada Maduro hökumətinin xeyrinə çoxlu sayda səs yaradılması planı barədə məlumat əldə etmişdi və həmin plan həyata keçirilib. 2020-ci il seçkilərinin elektron şəkildə saxtalaşdırılması məqsədilə sövdələşmə olub və onlar bunu ediblər”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti iddialarını təsdiqləyən sənədlərin hələ ictimaiyyətə təqdim edilmədiyini qeyd edib.
Qeyd edək ki, 2020-ci il dekabrın 6-da Venesuelada keçirilən parlament seçkilərində hakimiyyətyönlü “Böyük Vətənpərvər Qütb” koalisiyası qalib gəlmişdi.
Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelada əməliyyat keçirərək Prezident Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi saxlayıb ABŞ-yə aparıb. Onlar narkotik ticarəti ilə bağlı ittihamlarla məhkəmə qarşısına çıxarılıblar. Maduro və Flores ittihamları qəbul etməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Delsi Rodrigez icra edir.