BAKI, 17 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin, İran və Şimali Koreyanın Amerika seçki infrastrukturuna müdaxilə etmək imkanlarına malik olduğunu iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə xalqa müraciəti zamanı danışıb. Çıxış PBS telekanalı tərəfindən canlı yayımlanıb.

ABŞ lideri qeyd edib ki, sözügedən dövlətlərlə yanaşı, bəzi qeyri-dövlət qrupları da seçki sistemləri üçün təhlükə yarada bilər.

“Biz hesab edirik ki, ABŞ-ın rəqibləri, o cümlədən ən azı Rusiya, Çin, İran və Şimali Koreya, eləcə də qeyri-dövlət qrupları ABŞ-nin seçki infrastrukturunu komprometasiya etmək imkanlarına malikdir”, – deyə Tramp bildirib.

O, bununla bağlı konkret fakt və ya sübut təqdim etməyib.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl ölkənin seçki infrastrukturunda ciddi təhlükəsizlik boşluqları olduğunu göstərən kəşfiyyat məlumatlarının məxfiliyinin götürülməsi və ictimaiyyətə açıqlanması barədə göstəriş verdiyini açıqlamışdı.